
Əhməd Cavad
05 may 1892-ci ildə Şamxor (Şəmkir) rayonunun Seyfəli kəndində anadan olmuşdur. Tanınmış şair, tərcüməçi və pedaqoq olan Əhməd Cavad həbs olunanadək “Azərnəşr”in uşaq bölməsinin redaktoru vəzifəsində çalışmışdır. “Yaşıl qələmlər” müsavatçı ədəbi cəmiyyətin rəhbərlərindən biri olmuş, Gəncə ruhani seminariyasını bitirmişdir.
Əhməd Cavad 1918-1923-cü illərdə Müsavat partiyasının üzvü olmuşdur. Həmin partiyanın Mərkəzi Komitəsinin 1-ci qeyri-leqal tərkibinin üzvü qismində 1923-1924-cü illərdə Fövqəladə Komissiya tərəfindən həbs edilmişdir. 1924-1926-cı illərdə Azərbaycan Ədəbiyyat Cəmiyyətinin məsul katibi vəzifəsində işləmişdir.
Barəsində irəli sürülmüş ittihamlara görə o, həbsdən azad edildikdən sonra o, yenidən özünün millətçi mövqeyindən əl çəkməmiş, gizli müsavatçılıq işi aparmış və gənc azərbaycanlı şairlərə millətçi ideyaları aşılamışdır.
Ə.Cavad özünün yaxın ətrafı arasında sovet partiya və hökumətini, onun milli siyasətini sərt tənqid etmişdir.
04.06.1937-ci ildə o, Azərbaycan SSR XDİK tərəfindən qeyri-leqal fəaliyyət göstərən əks-inqilabi millətçi təşkilatın üzvü qismində təkrar həbs edilmişdir. 25.09.1937-ci ildə Azərbaycan SSR XDİK tərəfindən təsdiqlənmiş qərarda ona əlavə olaraq, ədəbiyyat cəbhəsində zərərli iş aparması ittihamı irəli sürülmüşdür.
Ə.Cavadın evində aparılan axtarış zamanı müxtəlif kitablar, qəzetlər, şəxsi fotoşəkillər və yazışmalar istintaq üçün əhəmiyyət kəsb etmədiyi və sahibinə qaytarılmasına ehtiyac olmadığı əsas gətirilərək 02.10.1937-ci ildə tərtib edilmiş akta əsasən yandırılmışdır.
12.10.1937-ci il tarixdə SSRİ Ali Məhkəməsinin hərbi kollegiyasının hökmünə əsasən CM-69 (əks-inqilabi məqsədlərlə dövlət sənayesinin, nəqliyyatın, pul tədavülünün və s. işinin pozulması, 70 (terror aktları), 73 (əks-inqilabi fəaliyyət) maddələri ilə təqsirli bilinərək, güllələnməyə məhkum edilmişdir. Hökm 13.10.1937-ci ildə icra edilmişdir.
17.12.1955-ci il tarixdə SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının qərarına əsasən Əhməd Cavada bəraət verilmişdir.
16 sənəd